Azadsöz.az xəbər verir ki, 2021-2022-ci tədris ilində Odlar Yurdu Universitetinin “Mühasibat” ixtisasının əyani şöbəsinə qəbul olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibasi şəhidi Həsənov Fariz Şahin oğlunun həyat yoldaşı Həsənova Əzizə Elçin qızının romanının təqdimat mərasimi keçirilib.
Belə ki, romana “Sevən qəlbin fəryadı” adını verən Əzizə xanım bununla həyat yoldaşı, şəhid Fariz Həsənovun xatirəsini yenidən əbədiləşdirib.
Tədbirdə media nümayəndələri və qonaqlar iştirak ediblər. Təqdimatda Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev açılış nitqi ilə çıxış etdi. Şəhid ailələrinə bir ömür boyu hər kəsin diqqət və qayğı göstərməyə borclu olduğunu və bunun vacibliyini qeyd edib.
Daha sonra çıxış üçün söz Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri akademik Nizami Cəfərova verilib. Şəhid xanımının yazdığı kitabın necə təsirli, oxunaqlı və təqdirəlayiq olduğunu, bunun sıradan bir kitab olmadığını, yazıçılığa yenicə başlamış gənc yazar olan Şəhid xanımının gələcək nəsilə gözəl bir ailə nümunəsi və hər bir Şəhid ailəsinə örnək olduğunu vurğulayıb.
Ardından “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov çıxış edərək, kitab haqqında yüksək fikirlərini səsləndirib. 44 günlük müharibədə canından keçən Şəhidlərimizin unudulmaması üçün belə kitabların yazılmasının və təbliğ olunmasının vacibliyini vurğulayıb.
Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər’’ kafedrasının professoru Rüstəm Kamalın kitabı oxuyaraq hər kəsə təsirli məqamlarını çatdırmaqla və yazıçının poetik ruhunun yüksək olmasından və səmimi bir roman yazması haqqında çıxışından sonra, müəllif Əzizə Həsənova çıxış edərək ilk kitabı olan “Sevən qəlbin fəryadı” romanı haqqında ətraflı danışıb, bu kitabı yazmaqla o şəhid həyat yoldaşının borcundan qismən də olsa, çıxdığını və buna görə qürurlandığını vurğulayıb. Ardından imza törəni baş tutdu.
Qeyd edək ki, kitab şəhid Fariz Həsənovun xatirəsinə həsr edilib və satış üçün nəzərdə tutulmayıb.