Azadsöz.az xəbər verir ki, İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turniri davam edir.
Azərbaycan Atçılıq Federasiyasının məlumatına əsasən, altı komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.
Yanvarın 27-də start götürən yarışda təmsilçimiz bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Hesabda geri düşən “Land of Fire” komandası oyunda geridönüş edərək yekunda 4:2 hesabı ilə qalib gəlib. Beləliklə, təmsilçimiz turnirin final matçına vəsiqə qazanıb. Həlledici görüşdə rəqib “Clinique La Prairie” komandası olacaq.
Final matçı yanvarın 30-da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində dörd idmançı – kapitan Elçin Camallı, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset mübarizə aprırlar.
Oyunların keçirildiyi meydanın yaxınlığında Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş çadır quraşdırılıb. Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilən çadırda Azərbaycanın milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar, ölkəmizin tarixi arxitekturası, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş olunur.