Azadsöz.az xəbər verir ki, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Göyçay Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Belə ki, regionda aqrar sahədə ixtisaslı kadrların hazırlanması məqsədilə “Meyvəçilik və bağçılıq üzrə aqronom (kiçik aqronom)” mütəxəssisi peşə ixtisası üzrə birgə kursların təşkili, eyni zamanda, istehsalat təlimi və təcrübəsi üçün institutun Göyçayda yerləşən Dayaq məntəqəsinin istifadəsi ilə bağlı razılıq əldə olunub.
Təcrübə müddətində tələbələr aqrar sahə ixtisasları üzrə müəssisənin gündəlik işində birbaşa iştirak edərək, nəzəri biliklərini istehsalatda tətbiq etməklə əmək bazarında tələb olunan səriştələrə yiyələnəcəklər.
Müqavilə çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzinin tələbələri institutun bir sıra layihələrinin icrasına qoşulacaq. Tələbələr bu layihələr çərçivəsində işlə təmin olunacaqlar.
Müqavilə imzalandıqdan sonra iştirakçılara institutun əməkdaşları tərəfindən nəşr olunan kitab və bukletlər hədiyyə edilib və institutun Göyçay Dayaq Məntəqəsi ilə tanışlıq olub.