Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986) Məlik Dadaşovun anım günüdür. Məlik Yusif oğlu Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olub.
O, 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlib və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkib.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. “İyirmialtılar” və “Ulduzlar sönmür” filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilib.Xalq yazıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışıb. V.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməyib.Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyib.Məlik dadaşov 1996 cı il, dekabrın 2-də Bakıda vəfat edib.
Azərbaycan teatr və kino aktyoru Məlik Dadaşov çəkildiyi filmlərdə bənzərsiz obrazlar yaradıb:
Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Sərdar), filmi səsləndirən (Əmir Həmzə-İsmayıl Əfəndiyev)