Azadsöz.az xəbər verir verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə , Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının və rayonun idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında olub, 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş əsgərlərimizin məzarını ziyarət edərək məzarları önünə gül-çiçək dəstələri düzüblər.
Sonra rayon rəhbərliyi və şəhid ailələri Ulu öndərin abidəsini ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.
Ümummilli liderin abidəsi qarşısında davam edən tədbir Zəfər gününə həsr olunmuş Azərbaycan Respublikasının üç rəngli bayrağının ucaldılması ilə açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə 8 Noyabr – “ZƏFƏR Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün böyük Qələbə günüdür, Qələbə günümüz mübarək olsun. Nəhayət ki, bu gün gəldi, 30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi. Vətən müharibəsi dövründə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi, Qələbəyə doğru inamla irəlilədi. Qorxmaz, cəsur əsgərlərimiz düşmənin hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini, atəş nöqtələrini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, Ali baş komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Sonra Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev İkinci Qarabağ müharibəsində şəhid olmuş Göyçaylı zabit və əsgələrin bir qrupunun göstərdikləri igidliyə görə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarına çatdırdı, orden və medallar şəhid ailələrinin üzvlərinə təqdim edildi.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev, şəhid anaları adından Nəsibə xanım Xəlilova, Vətən müharibəsi iştirakçıları adından Qoşqar Rəşidov, Vətənpərvər ruhlu gələcəyimizin yetişməsində xidmətləri olan müəllimlər adından “Tərəqqi” medalına layiq görülmüş Təranə Mirzəyeva çıxış edərək qeyd etdilər ki, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından azad olundu. Torpaqlarımızın azad olunmasında öz canlarından keçmiş hər bir şəhidimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Daha sonra Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş ədəbi-bədii musiqili kompozisiya və Göyçay şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında Zəfər Gününə həsr olunmuş flaşhmob nümayiş olundu.
Sonda Göyçay-Bərgüşad avtomobil yolunun kənarında “Dostluq bağı”nın açılışı olub və 3 qardaş ölkənin dövlət bayraqları qaldırılıb.