Azadsöz.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin şəhid mədəniyyət işçilərindən bəhs edən “Səhnədən səngərə” layihəsinin növbəti buraxılışı 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş və 44 günlük Vətən Müharibəsində şəhid olan Alim İbrahimova həsr olunub.Tədbir Göyçay şəhər Uşaq musiqi məktəbinin akt zalından keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Səxavət Məmmədov, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, musiqi məktəbinin kollektivi, şəhidin ailə üzvləri və başqaları iştirak ediblər.İlk olaraq iştirakçılar musiqi məktəbinin giriş hissəsində şəhid Alim İbrahimov üçün hazırlanmış xatirə guşəsinin önünə gül dəstələri düzüblər. Göyçay şəhər Uşaq musiqi məktəbinin akt zalında davam edən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mədəniyyət işçisi Alim İbrahimovun şücaətini, qoxmazlığını və Vətənə olan sonsuz məhəbbətini diqqətə çatdırıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Azərbaycan xalqı, əsgər və zabitlərimizin igidliyini, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirməyimizi vurğulayıb.
Çıxış edənlər Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Səxavət Məmmədov, Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov və başqaları şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Alim İbrahimov kimi igidlərimizin əzmkarlığı sayəsində Azərbaycan xalqının yurd həsrətinə son qoyulduğu bildirilib.
Daha sonra Gəncə Dövlət Dram Teatrının aparıcı aktyoru Elxan Abbasovun və gənc aktyorların hazırladığı “Vətənpərvərlik ” mövzusunda ədəbi-bədii kompazisiya baxılıb. Tədbirin sonunda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim olunub.