Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçay rayonunun Hacalıkənd kənd sakini Aslan Elman oğlu Əliyevin məzarını Göyçay rayon Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov, Göyçay Bayraq Muzeyinin direktoru Aqil İbrahimov, Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva başda olmaq muzeyin kollektivi, Azadsöz.az xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu və şəhidin ailə üzvləri ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıblar. 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduğumuz diqqətə çatdırılıb.
Daha sonra tədbir Aslan Əliyevin təhsil aldığı Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbdə davam edib. Tədbirdə şəhidimizin müəllimələri çıxış edərək, onun məktəb xatirələrindən, nizam-intizamından, dərslərə davamiyyətindən, vətənpərvərliyindən danışıblar.Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirmiş qəhrəman Aslan Əliyevlə fəxr etdiklərini vurğulayıblar.
Həmçinin Göyçay rayon Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov, Göyçay Bayraq Muzeyinin direktoru Aqil İbrahimov, Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva başda olmaq muzeyin kollektivi, Azadsöz.az xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu şəhidimizin evində olublar.Görüşün sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Aslan Əliyev 44 günlük Vətən Müharibəsində son damla qanına kimi vuruşaraq 07.11.2020 ci ildə şəhidlik zirvəsinə ucalıb.Doğulduğu kənddə torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.