Azadsöz.az xəbər verir ki, bu gün 24 oktyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçayın rayonunun Alpout kənd sakini Bayram Çərkəz oğlu Orucovun ildönümü məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi.44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə nəticələndi.Bu zəfər qələbəsi idi.
Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu. Bayram Orucov kimi igidlərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycan xalqının yurd həsrətinə son qoyulduğunu diqqətə çatdırdı.
Tədbirdə iştirak edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
****
09:21
Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Bayram Orucovun ildönümüdür. Bayram Çərkəz oğlu Orucov 2001-ci il fevralın 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub.2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb.2019-cu ilin aprelin 5-də həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin oktyabrında həqiqi hərbi xidməti başa vurmalı idi amma, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Bayram Orucovda torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında döyüşüb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.Bayram Orucovun vəfatından 84-gün sonra atası Çərkəz Orucov ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra “Vətən uğrunda”, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.