Azadsöz.az xəbər verir ki, bu gün Vətən Müharibəsində şəhid olan Xəyal Zeynəddin oğlu Həsənovun ildönümüdür. Xəyal Həsənov 2001-ci il aprelin 16-da Göyçayın Qaraman kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Qaraman kəndində dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli sərəncamına əsasən, Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.