Azadsöz.az xəbər verir ki, bu gün Göyçayın Üngütlü kəndində şəhid Fərid İlyas oğlu Nadirovun ad günü münasibəti ilə bulağın açılışı olub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak edib.Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabınına gedərək şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Mehdi Səlimzadə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıb. Şəhid valideyinlərinə Allahdan səbr, qazilərimizə şəfa diləyib.Çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüblər.Fərid Nadirovun Azərbaycan ordusunda göstərdiyi şücaətindən, qorxmazlığıdan danışıblar.
Tədbirin sonunda şəhidin atası İlyas Nadirov göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildirib.
***
09:00
İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Fərid Nadirovun doğum günüdür.Fərid Ilyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində anadan olub.İlk orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yollanıb.27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində iştirak edib.9 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
O, nişanlı idi. Əsgərlik xidmətini başa vurub qayıtdıqdan sonra toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Daha sonra isə Göyçay Şəhidlər Xiyabanına aparılaraq torpağa tapşırılıb. Elə həmin gündən etibarən atası İlyas Nadirov hər gün xiyabana gələrək igid oğlunun məzarı önündə ziyarət edir.
Xatırladaq ki, Fərid Nadirov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.