Azadsöz.az xəbər verir ki, bu gün rayon icra hakimiyyəti başçısı yanında operativ qərargah üzvlərinin və 27 sentyabr – Anım gününün qeyd edilməsi ilə bağlı yaradılmış komissiyan üzvlərinin iştirakı ilə müşavirəsi keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında peyvəndləmə prosesinin davam etdirilməsi, mobil qruplar və xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə işlərinin daha da gücləndirilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Daha sonra müşavirədə çıxış edən Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Ləman Hacıyeva rayonda COVİD-19 infeksiyasına qarşı aparılan peyvəndlənmə prosesinin gedişi və aktiv xəstələrin vəziyyəti ilə bağlı məlumatı diqqətə çatdırıb.
Müşavirədə diqqətə çatdırılıb ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun Komandanlığı tərəfindən əks-hücum əməliyyatı başlaması barədə qərar qəbul edilmişdir. 44 gün davam edən müharibədə həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, Müzəffər Ordumuzun gücü, qüvvəsi və şəhidlərimizin qanı, canı bahasına işğaldan azad edilmişdir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.Həmin Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonda 27 sentybar 2021-ci il tarixdə “Anım Günü”nün qeyd edilməsi ilə bağlı komissiya yaradılmış və Tədbirlər Planı müəyyən edilmişdir.
Sonra Tədbirlər Planı müşavirə iştirakçılarının diqqətinə çatdırılmış və təsdiq olunmuşdur.
Tədbirdə çıxış edənlərdən İkram Vəliyev, Rəşad Şükürov, Rəsul Kazımov və digərləri şəhid ailələrinə, müharibə əlillərinə daim qayğı göstərilməsi və onların problemləri ilə yaxından tanış olaraq həlli istiqamətində müvafiq köməklik göstərilməsinin vacib olduğunu vurğulayıblar.
Müşavirə karantin qaydalarına uyğun olaraq keçirilib.