Azadsöz.az xəbər verir ki, əslən Göyçay rayonundan olan şəhidimiz Əhməd Vaqif oğlu Kərimovun ad günü məzarı önündə qeyd olunub.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və bir sıra rəsmi şəxslər, Göyçay ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra şəhidin yaşadığı evin həyətində yeni istifadəyə verilmiş xatirə kompleksinə baxış keçirilib.Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov çıxış edərək, şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə can sağlığı arzu edib.
Tədbirdə iştirak edən YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından “Anım lövhəsi”ni şəhid ailəsinə təqdim edib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Əhməd Kərimov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.