Azadsöz.az xəbər verir ki, bu gün İkinci Vətən müharibəsində şəhid olan Göyçayın Çaxırlı kənd sakini Məmmədov Sənan Tehran oğlunun ad günü kənd məzarlığında məzarı önündə qeyd edilib.Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, icra aparatının məsul əməkdaşları, kənd sakinləri, ictimaiyyət nümayəndələri və yaxınları iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Sənan Məmmədovun məzarı üstünə çiçəklər düzülüb.2016-cı il aprel döyüşləri zamanı şəhid olan Teymur Mikayıl oğlu Qasımovunda məzarı ziyarət olunub.Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə çıxış edərək, Aprel hadisələrindən, İkinci Vətən müharibəsində əldə olunan qələbə zəfərindən danışıb.Şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə can sağlığı arzu edib.
Mərasimdə şəhid ailələrinə göstərilən dövlət dəstəyindən danışılıb, şəhid ailələrinin qayğıları ilə maraqlanılıb.Aprel Şəhidi Teymur Qasımovun atası Mikayıl Qasımov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda döyüşərək, oktyabrın 21-də şəhid olub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.