Azadsöz.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli həmkarlar!
1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti daim təkmilləşən, xidməti vəzifələri səmərəli yerinə yetirmək üçün bütün lazımi şəraitə, müasir maddi-texniki bazaya və infrastruktura malik polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə, asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Vətən müharibəsi günlərində hərbi vəziyyətin təmini vəzifələrini də layiqincə yerinə yetirmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə önəmli xidmətini, həmçinin xüsusi karantin rejiminə nəzarət funksiyalarını əzmlə həyata keçirir.
Xidmətdə fərqlənən əməkdaşların möhtərəm Prezident tərəfindən dövlət mükafatlarına layiq görülməsi Zati-alilərinin bütövlükdə Azərbaycan polisinin əməyinə verdiyi böyük dəyərin əyani ifadəsidir.
Əminəm ki, bundan sonra da sabitliyin və təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaq, peşəkarlığınız, xalqa və Vətənə sədaqətli xidmətinizlə yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.
Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Sizi, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram!
Bayramınız mübarək!”