Azadsöz.az xəbər verir ki, bu gün görkəmli Azərbaycan şairi, tərcüməçi Əli Kərimin ildönümüdür.Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. Atası Paşa kişi fəhlə işləyib.1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.Burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olub.
Şairin ilk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxan, «Təzə müəllim» şeiri olub.1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülüb.İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
Görkəmli şairin «İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əsərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm» (1999) və s. kitabları nəşr edilib.
Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxıb. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb.
Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat edib.Göyçayda dəfn olunub. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir.