Azadsöz.az xəbər verir ki, ot biçənlər, yol çəkənlər, kanalizasiya borularını təmir edənlər hər gün açıq havada eyni iş qrafiki ilə fəaliyyət göstərirlər.
Bu günlərdə hava şəraitinin isti keçməsi açıq havada çalışanların işini xeyli çətinləşdirib.
Gündəlik yüksək temperatur altında çalışan işçilər bildirirlər ki, çox isti olduğu zaman ya otaqlarına çəkilirlər, ya da ağacların altında bir müddət istirahət edirlər.
Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir.
Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir. Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.