Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb.
Azadsöz.az-a bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin təşəbbüsü ilə Türkiyə zərbxanası Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami Gəncəvi ili”nə həsr olunan bürünc xatirə pulu buraxıb. Xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, “Azerbaycan Şairi Nizami Gencevi’nin Doğumunun 880. Yılı” yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncədəki məqbərəsi yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi” haqqında Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbərliyi ilə görüş keçirilib və N.Gəncəvinin adının əbədiləşdirilməsi məqsədi ilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, xatirə pulunun sertifikatında 2021-ci ili böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi barədə məlumat əks olunub: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvi müxtəlif mövzularda yazdığı beş məsnəvidən ibarət “Xəmsə”si ilə həm müasirləri, həm də ondan sonrakı dövrlərdə əsər yazan bir çox şairə öncülük edib. Bu yönü ilə mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizami Gəncəvinin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Böyük Azərbaycan-türk şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib”.