Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Suqovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçularına orden və medallar təqdim olunub.
Orden və medalları mayın 28-də Zəngilan rayonu ərazisində DSX-nin yeni hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlaması mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev təqdim edib.
Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qələbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.
Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıqların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçilərinin işğaldan azad olunmuş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.