Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanın xalq artisti Naibə Allahverdiyevan doğum günüdür.Naibə Səyavuş qızı Allahverdiyeva 28 may 1963-cü il tarixində Tbilisidə anadan olub.Naibə Allahverdiyeva M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib.
Naibə Allahverdiyevaya aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib.
Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin “Astana” tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra “Apardı sellər Saranı” tamaşasında Saranı, “Gülən adam”da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb.1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D. Mehdinin “O da mənəm, bu da” (rejissor Ağaxan Salmanlı) tamaşasında Nazlı rolu olub.N.Allahverdiyeva Ə.Əmirlinin “Bala bəla sözündəndir” tamaşasında Bibi, T.Kazımovun “Səsin sehri” tamaşasında Səfurə, A.Həsənzadənin “Mağara” tamaşasında Xatun, Ə.Dəmirçizadənin “Dədəm Qorqud” tamaşasında Burla Xatun, T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında Münəvvər, S.Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasında Çimnaz rolları yaddaqalan, maraqlı obrazlar yaradıb.
Bununla yanaşı bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilib.”Qara Volqa” filmində Rita, “Məhəbbətin hökmü” filmində Cevriyyə rolları aktrisaya tamaşaçı rəğbətini qazanıb.Rusiyada rejissor Mixail Xleborodovun quruluşunda “Cənnətin kuryeri” filmində çəkilib.
N.Allahverdiyeva 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunub.