“Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib. Gələcəyə baxmalıyıq”.
Azadsöz.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələr zamanı çıxışında deyib.
Dövlət baççısı qeyd edib ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: “Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.