Son onilliklər ərzində dünyada baş verən qlobal proseslər, o cümlədən demoqrafik tendensiyalar ailə strukturuna da təsirsiz ötüşməyib. Bununla belə əvvəllər olduğu kimi, indi də ailə cəmiyyətin özəyi hesab olunur. Dünyada qeyd edilən Beynəlxalq Ailə Günü ailələrlə bağlı problemlərin müzakirəsinə, sosial, iqtisadi və demoqrafik proseslərin fonunda onların həlli yollarını müəyyən etməyə imkan verir.
Azadsöz.az xəbər verir ki, ötən gün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 may “Beynəlxalq Qələbə günü” münasibətilə “Sağlam ailə – möhkəm cəmiyyətin təməlidir” mövzusunda videokonfrans keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri giriş sözü ilə açaraq, rayon İcra Hakimiyyəti adından videokonfrans iştirakçılarını salamlayıb.Diqqətə çatdırıb ki, “15 may – Beynəlxalq ailə günüdür. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”,- deyib Z.Zeynalova.
Daha sonra videokonfransda çıxış edənlər-rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regional şöbəsinin əməkdaşı Rauf Nəsirov, Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi şəxsin Ailə sağlamlıq mərkəzinin həkimi Səbinə İbrahimova, şəhər 3 nömrəli məktəbin psixoloqu Tünzalə Vətənxah və rayon Mərkəzi Kitabxananın direktoru, Şəhid Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd ediblər.