Azadsöz.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklonnaya qora”da qurulmuş Ramazan çadırında Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.
Gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də Ramazan çadırının təşkilatçılarına təşəkkürlərini bildiriblər.
“Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.
Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, “AMOR” və “İRS-Naslediye” jurnalları paylanıb.
İftardan əvvəl Müqəddəs Qurani-Kərimdən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.