Azadsöz.az xəbər verir ki, Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursatın qısa zaman kəsiyində aşkar edilərək təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan əldə olunan məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8 420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb.