Azadsöz.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə layihəsi əsasında “GencApp” mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” intellektual müsabiqəsi keçirilib.
İl ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir. Müsabiqədə 16-29 yaş arasında gənclər iştirak edib.
17-21 mart tarixlərində gerçəkləşən müsabiqədə 500-dən çox gənc iştirak edib. Onlar “GencApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə göndərilən sualları cavablayıblar.
Müsabiqənin yekununda ən çox xal toplayan 3 qalib müəyyən edilərək, hədiyyə qazanıb.
“Sirlər xəzinəsi” intellektual müsabiqəsinin qalibləri:
1. Fidan Qaraşlı – 29 xal
2. Samir Həsənzadə – 14 xal
3. Həbibə Cəfərova – 12 xal
Qeyd edək ki, intellektual müsabiqə hər ay mütəmadi olaraq təşkil olunacaq.