“Azadsöz.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən Dini Qurumlara İş üzrə Dövlət Komitəsi (DQİDK) cərimələnib.
Belə ki, komitəyə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı komitəyə rəsmi sorğu göndərib.
Lakin komitə polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən DQİDK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.
Protokolla bağlı qərar verilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edilib. İşə aprelin 8-də baxılacaq.