Azadsöz.az xəbər verir ki, Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əks olunub.
Belə ki, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilib.
Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar.
Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin, həmçinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilib.
Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.