Azadsöz.az xəbər verir ki, Azərbaycanda yeni seçilən bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.