15 oktyabr müasir, müstəqil Azərbaycanın şanlı tarixinə ən önəmli günlərdən biri kimi yazılıb. Bir il əvvəl – 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrəin Müzəffər Ali Baş Komandanı İlham Əliyev lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğalçılardan təmizlənən tarixi torpaqlarımızda, o cümlədən Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xankəndidə üçrəngli Bayrağımızı ucaltdı. Həmin tarixi gün Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının yaddaşına əbədi olaraq şanlı tarix kimi həkk olundu. Dövlət Bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması müstəqillik tariximizdə çox mühüm hadisə olmaqla yanaşı, eyni zamanda Azərbaycanda separatizmin kökünün tam kəsildiyini bütün dünyaya nümayiş etdirdi.
Təbii ki, bu tarixi möhtəşəm qələbələr nəticəsində əldə olunan zəfərlər ötən illər ərzində həyata keçirilən məqsədyönlü və nəticəyə hesablanmış müdrik siyasətin məntiqi nəticəsində baş verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün bu misilsiz nailiyyətlər qazandıran siyasətin əsası 15 oktyabr 2003-cü ildə qoyulmuşdu. Həmin gün Ulu Öndər Heydər Əliyevin siyasi varisinə, dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttə sonsuz inamını ifadə edən xalq məhz cənab İlham Əliyevə səs verərək onu prezident seçdi. Çünki xalq Heydər Əliyev siyasətini Azərbaycanın parlaq gələcəyinin yeganə təminatçısı görür və ona etibar edirdi. 2003-cü ildən başlayaraq prezidentin apardığı islahatlar, həyata keçirdiyi daxili və xarici siyasət xalqımızı hər gün bu qələbələrə anbaan yaxınlaşdırırdı. Bu illər ərzində siyasi arenalarda qazanılan diplomatik uğurlar ölkəmizin iqtisadi dayaqlarının möhkəmləndirilməsi istiqamətində görülən əsaslı işlər, ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə ölkə həyatının bütün sferalarında əldə olunan nailiyyətlər ölkəmizin davamlı və dayanıqlı tərəqqisini surətləndirdi. Ölkəmiz tədricən dünyada söz sahibinə çevrildi, nüfuzlu beynəlxalq təşkilatların üzvü bir çox hallarda həmin təşkilatların bir qisminə rəhbərlik də etdi. Bununla yanaşı Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət Azərbaycan həqiqətlərinin, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi.
Bu illər ərzində sözsüz ki, ən çox diqqət ayrılan sahələrdən biri də ordu quruculuğu oldu. Ordunun müasir standartlar səviyyəsində yenidən formalaşdırılması, ən müasir silah-sursat və texnika ilə təchiz edilməsi, zabit heyətinin peşəkarlığının daha da artırılması işğala məruz qalmış Azərbaycan üçün xüsusi önəm daşıyırdı. Qazanılan zəfərlər göstərdi ki, ən müasir döyüş texnologiyaları ilə təchiz edilmiş Azərbaycanın rəşadətli Silahlı Qüvvələri dünyada hərb sənətinin incəliklərinə yaxından bələd olan peşəkar zabit kadrlarına, mükəmməl taktiki hazırlığa və döyüş qabiliyyətinə malik ordu kimi dövlətimizin suverenliyinə qarşı ola biləcək istənilən təhlükənin qarşısını almağa tam qadirdir. İşğalın davam etdiyi 30 il ərzində münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışan Azərbaycan heç bir halda işğalla barışmayacağını ən yüksək tribunalardan dəfələrlə bəyan etmişdir. Lakin bu illər ərzində nə Ermənistan, nə də onun havadarları tərəfindən Azərbaycanın ədalətli sülh təkliflərinə müsbət yanaşılmadı, əksinə müharibənin dondurulması istiqamətində bütün səylər haqsız olaraq səfərbər edilirdi. 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq ilk tarixi qələbəmizi şərtləndirdi, xalqımızın işğala son qoymaq əzmini bir daha nümayiş etdirdi.
Hakimiyyətinin bütün mərhələlərində məhz doğma xalqına arxalanan, onun iradəsini hər şeydən üstün tutan dövlətimizin başçısı yüksək qətiyyətli rəhbərliyi, müdrik sərkərdəliyi ilə dəmir yumruq ətrafında sıx birləşdirərək onu tarixinin sonrakı ən parlaq zəfərlərinə qovuşdurdu.
27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə başlayan Zəfər yürüşümüzdə xalqımızın nümayiş etdirdiyi həmrəylik, prezidentə və rəşadətli ordumuza verdiyi dəstək döyüş meydanında aparılan uğurlu əməliyyatların Qələbə ilə nəticələnməsində müstəsna rol oynadı. Düşmən tərəfindən bir neçə illər ərzində işğal edilmiş Azərbaycan torpaqları Ali Baş Komandanın müdrik sərkərdəliyi, xalqın birliyi, ordunun qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, 30 illik Qarabağ nisgilimizə son qoyuldu.
Qarabağ zəfərinin davamı olaraq Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidən xalqa müraciətində demişdir: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”.
Xankəndidə Azərbaycan Bayrağının qaldırılması parlaq qələbəmizin məntiqi sonluğu olaraq son 200 illik tariximizin səhifəsinə qızıl hərflərlə əbədi həkk olundu.
Azadsöz.az