Azadsöz.az xəbər verir ki, Laçın və Qubadlıda su anbarları tikilməsi Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Qeyd olunub ki, su infrastrukturu davamlı yaxşılaşdırılır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib.
Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılmış, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib. İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılıb. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb.
Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür. Eyni zamanda, məhdud su ehtiyatı və artan tələbat şəraitində bütün sahələrdə qənaətedici su texnologiyalarının tətbiqi və tullantı sularının təmizlənərək istifadəsi genişləndirilib. Həmçinin, ölkədə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilir.