Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Əlavə əşyalar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Oktyabrın 6-da imtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunacaq. İmtahan vermək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.