4 oktyabr –Cəbrayıl Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
2023-cü il iyulun 31-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan bu sərəncama əsasən artıq iki ildir ki, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
2020-ci il oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin işğaldan azad olunduğunu elan edib. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhəddinə dövlət nəzarəti qismən bərpa edilib.
Parlaq Zəfər qazandığımız Vətən müharibəsinin başlanması və ondan sonrakı günlərdə əldə edilən qələbələrin hər biri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. 30 il ərzində düşmən işğalında olan və işğal illəri ərzində müxtəlif müdafiə sistemləri qurulmuş torpaqları 44 gündə düşməndnən azad etmək heç bir kəsin, hətta hərbi ekspertlərin, beynəlxalq təşkilatların belə ağlına gəlməyən, ümumiyyətlə tarixdə bənzərinə rast gəlinməyən bir hadisə idi. Cəbrayıl şəhəri 44 günlük müharibə ərzində işğaldan azad olunan ilk böyük yaşayış mənəqəmiz olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Eyni zamanda Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Bu gün Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etmişlər. Tarixi səfər çərçivəsində ölkə başçımız bildirmişdir ki, Cəbrayıl rayonu üçün yeni böyük baş plan tərtib ediləcəkdir. Burada bütün inzibati-ictimai binalar, məktəblər, tibb ocaqları, bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Yaxın gələcəkdə Cəbrayıl öz doğma sakinlərini qəbul etməyə hazır olacaqdır.
Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunun ölkə başçısının Cəbrayıl rayonuna hər səfərində bir daha şahidi oluruq.
Həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri hər birimizi qürurlandırır. İnanırıq ki, yaxın gələcəkdə doğma Qarabağımız öz füsunkarlığı ilə bütün dünyanı heyran edəcəkdir.
Azadsöz.az