Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Gizir şəhidimiz Pərvin Məmmədovun dördüncü ildönümü Göyçay rayonunun Yeniarx kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Gizirimizin anım günündə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Pərvin Məmmədovun döyüş yolunun gələcək nəsillərə örnək olacağını, göstərdiyi şücaətin heç zaman unudulmayacağını qeyd ediblər. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, Pərvin kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu bildiriblər. Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıblar.
Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Azərbaycan Silahlı Qüvvələrin giziri olan şəhidimiz 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Oktyabrın 2-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu