Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi ölkəmizdə gözəl ənənəyə çevrilmişdir. Bu ənənələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm cənab prezidentimiz bu müqəddəs ənənəni çox böyük uğurla davam etdirir. Ötən gün Bakıda aşıq sənətinin əlçatmaz zirvəsinə yüksəlmiş ustad Ələsgərin abidəsinin ucaldılması bu müqəddəs ənənənin davamıdır.
Məlum olduğu kimi cari ilin 30 sentyabr tarixində ölkənin ictimai-mədəni həyatında son dərəcə əlamətdar bir hadisə baş verdi. Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncama əsasən Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimi baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev abidənin açılışında iştirak etdilər. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Aşıq Ələsgər Qərbi Azərbaycanda – Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb, yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.
Prezidentin ifadə etdiyi kimi Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, hümanist dəyərlərə bağlı olan vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.
Qeyd etdiyimiz kimi Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Cənab prezidentin çıxışında qeyd olunduğu kimi ondan sonrakı dövrdə də xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüş, ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkib gətirmişdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmirdi. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Bütün bunlar onu deməyə əsas verir ki, onun yaradıcılığı, vətənpərvərliyi Azərbaycan xalqının ürəyində o qədər dərin iz buraxmışdır ki, 200 il keçməsinə baxmayaraq yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub.
Tarixdən bəllidir ki, vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində azərbaycanlılara qarşı kütləvi şəkildə deportasiya siyasəti həyata keçirilmiş, oradakı Azərbaycan mədəni irsi ciddi şəkildə zərər görmüşdür.
Hamımız yaxşı bilirik ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Təbii ki, bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudlmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi Azərbaycanın sonrakı nəsilləri də öz doğma yurdlarına qovuşacaqlar. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Cənab prezidentin çıxışında qeyd olunduğu kimi o torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Əminik ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamı ifadə etməsi xalqımız üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdacağı günün uzaqda olmadığını göstərir.
Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bu gələcək hədəfin carçısı olan tarixi ifadələrdir: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsiliklə gözləyirik, inanırıq, məndə inanıram, siz də inanırsız gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”
Azadsöz.az