Azadsöz.az xəbər verir ki, dünyanın ən böyük video platforması olan “YouTube” uşaqları onlayn risklərdən qorumaq üçün yeni valideyn nəzarəti funksiyasını təqdim edib.
Bu yeniliklə valideynlər övladlarının “YouTube”dakı fəaliyyətlərini təfərrüatı ilə izləyə və nəzarət edə biləcəklər.
Belə ki, yeni funksiya valideynlərə öz hesabları vasitəsilə uşaqlarının hesablarına daxil olmaq imkanı verəcək. Valideynlər övladlarının hansı videolara şərh yazdığını, hansı məzmuna abunə olduğunu və neçə video yüklədiyini görə biləcəklər.
Bundan başqa, uşaqlar yeni video yüklədikdə və ya canlı yayıma başladıqda valideynlərə “e-poçt” vasitəsilə bildiriş göndəriləcək.
Yeni valideyn nəzarəti funksiyası bu həftə ərzində dünya üzrə bütün istifadəçilər üçün əlçatan olacaq. Hesabları YouTube Ailə Mərkəzi vasitəsilə birləşdirmək mümkün olacaq.
Şirkət vurğulayıb ki, bu funksiya valideynlərə uşaqlarının fəaliyyətini yaxından izləməyə kömək edəcək və onların zərərli məzmundan qorunması prosesini daha effektiv edəcək.