Azadsöz.az xəbər verir ki, yük avtomobilində aksiz markası olmayan külli miqdarda siqaret aşkarlanıb.
Bu barədə Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən “99-ZC-683” qeydiyyat nömrəli “Mercedes-Benz” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.
Avtomobilin qoşqusunda yüklərin arasında gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 2080 qutu (41600 ədəd) “Marlboro”, 920 qutu (18400 ədəd ) “Parlament” siqaretləri aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.