Azadsöz.az xəbər verir ki, Ermənistandakı mövcudluğunu Rusiya daima Türkiyə tərəfdən təhlükə ilə əsaslandırmağa çalışır. Halbuki Rusiyanın buradakı mövcudluğu Ermənistanı Türkiyə üçün təhlükəyə çevirir. Rusiyanı Ermənistandan fiziki olaraq çıxarsaq o, Türkiyə üçün potensial təhlükə olmayacaq və gərginlik azalacaq.
Bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiyadakı səfiri vəzifəsinə təyin etdiyi Qurgen Arsenyana məxsusdur.
Təyinatla bağlı qərar aıqlanandan sonra o, deyib: “Anlayıram ki, siyasi qaydalar prinsipi mənə diplomat kimi ölkənin daxili siyasi məsələləri ilə bğalı mövqeyimi bildirməyi, açıq diskussiyalara qatılmağımı məhdudlaşdırır. Bu səbəbdən də qaydalara əməl etmək məcburiyyətindəyəm”.
Q.Arsenyanın dediyinə görə, səfir təyin olunduğu üçün Ermənistan parlamentinin deputatı mandatından, habelə Ermənistanın Birləşmiş Fəhlə Partiyasının (BFP) sədri postundan və partiya üzvlüyündən imtina edir.
Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinatı ilə bağlı proses yetərincə maraqlıdır.
Belə ki, iddialara görə, ötən ilin oktyabrında deputat Q.Arsenyan Moskvada həmin dönəmdə Ermənistanın Rusiyada səfiri olan Vaqarşak Arutyunyanla şəxsi biznesi ilə bağlı məsələləri müzakirə etmək adı ilə görüşür. V.Arutyunyanın villasındakı görüş qeyri-rəsmi olduğundan ev sahibi ilə qonaq bəs deyincə yeyib-içirlər.
Sərxoş V.Arutyanyan masa arxasında Nikol Paşinyandan danışmağa başlayır və Ermənistanın baş nazirini olduğu kimi səciyyələndirir. Səfirin danışığının səs yazısını sonradan İrəvana qayıdan Q.Arsenyan baş nazir N.Paşinyana təhvil verir.
Ümumiyyətlə isə, Qurgen Arsenyan iş adamı olub və diplomatiyaya əsla bələd deyil. Onun səfir təyinatı yalnız bir səbəbdən reallaşıb: Q.Arsenyan indiyədək N.Paşinyanı aldatmayıb, xəyanət etməyib, sədaqət nümayiş etdirib.
Qurgen Arsenyan təyinatı ilə bağlı qərar açıqlanandan sonra həm də Ermənistan-Rusiya münasibətləri ilə bağlı “vəd”lər verib: “Ermənistanla Rusiya arasındakı münasibətlərdə yaranmış bəzi sərin məqamların aradan qaldırılmasına, mükalimənin və qarşılıqlı münasibətlərin alqoritmini dəyişməyə çalışacağam”.
Təbii ki, səfir təyin olunmuş biznesmenin vədləri puç və mənasızdır. Nikol Paşinyan hakimiyyəti ilə Moskva arasındakı mürəkkəb münasibətlərdə real müsbət dəyişikliklər gözləməyə dəyməz.
Rusiya ilə son 4 ildə sürəkli sərinləşən və hazırda ifrat gərginlik həddinə çatmış munasibətlərdə müsbət dəyişikliklərin istisna olmamasından bəhs edən Q.Arsenyan əslində çox hiyləgər gediş edir.
İrəvan-Moskva problematikasında yaşanan indiki vəziyyətdən, yəni konyukturadan faydalanmağa çalışan yeni işbaz səfir Moskvanın reaksiyasını, Rusiyanın hakimiyyət dairələrinin N.Paşinyan komandası ilə müzakirələrə hazırlıq səviyyəsini yoxlmağa çalışır.
Onun ötən il “Rusiyanın Ermənistandakı mövcudluğunun yaratdığı təhlükə” barədə dediklərini Moskva unutmayıb. Üstəlik, Ermənistanla Rusiya arasındakı münasibətlərin yaxın perspektivdə normallaşması mümkün deyil və səbəb sadədir: Nikol Paşinyan hakimiyyətinin təminatçısı, maliyyə və siyasi dəstək mənbəyi ABŞ, Fransa və Avropa İttifaqıdır. Məhz Qərbdən aldığı təlimatları və əmrləri yerinə yetirən N.Paşinyan nümayişkaranə şəkildə Rusiya ilə münasibətləçri gərginləşdirir. Məsələn, o, sürəkli olaraq MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərt tənqid edir. Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından çıxarılması, Ermənistan Müdafiə Nazirliyində ABŞ-ın yolladığı müşavirin fəaliyyət başlaması da təbii ki, Moskvanın əsəblərini tarıma çəkən davranış modelidir.
Bununla belə, Qərbə aşkar şəkildə meylləndiyini göstərmək istəyən Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Ukraynada başladığı hərbi əməliyyatlar səbəbindən Qərbin çoxsaylı və sərt cəza sanksiyalarına məruz qalmış Rusiyanın həmin sanksiyalardan yayınaraq idxal-icrac əməliyyatları üçün tranzit məkan qismində seçdiyi ölkələr arasında Ermənistan da var.
Bəhs etdiyimiz əməliyyatlar son iki ildə Ermənistan iqtisadiyyatına milyardlarla dollar xalis gəlir verib və pullar erməni büdcəsinə axmağa davam edir.
Qurgen Arsenyanın səfir postunda fəaliyyətə başladıqdan az sonra Ermənistanla Rusiya arasındakı iqtisadi əlaqələrin “inkişafı”, habelə Paşinyan administrasiyasının Rusiyanın ünvanına səsləndirdiyi növbəti ittiham və ya hədə bəyanatlarının dezavuasiyası ilə məşğul olacağı şübhəsizdir.
Təbii ki, Q.Arsenyan kimi N.Paşinyanın sadiq marionetinin, diplomatiyadan bixəbər birisinin Ermənistanın Rusiyaya səfir təyin edilməsi həm də İrəvanın Moskvay qarşı növbəti demarşı hesab oluna bilər.
Səfir təmsil etdiyi ölkənin hakimiyyətinin yürütdüyü siyasətin təcəssümü və təmsilçisidir. Rusiya-Ermənistan münasibətlərində səfir postu olduqca önəmlidir, çünki məhz ermənilərin Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri iki ölkə arasındakı münasibətlərin rəvanlaşmasına əhəmiyyətli təsirini göstərə bilərdi. Fəqət diplomatiyada piyada, indiyədək ancaq bizneslə məşğul olmuş Q.Arsenyanın səfir postuna təyinatı Paşinyanın Moskvaya təcrübəli və peşəkar diplomat əvəzinə “öz adamı”nı yollamasıdır.
Amma bütün bunlar Ermənistanın Rusiya ilə münasibətlərindəki problemlər deyil. Problem odur ki, Nikol Paşinyan hakimiyyəti və erməni cəmiyyəti 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqları anlamır, başa düşmür və qəbul etmək istəmir. Ermənistan sürəkli silahlanır, erməni cəmiyyəti hansısa efemer revanş və qisas ağrısında qovrulur, Nikol Paşinyan sülhdən və sülh müqaviləsindən danışaraq elə həmin müqavilənin imzalanmasına yönəlmiş danışıqlarda fasiləsiz qaydada süni əngəllərlə maneələr yaradır.
Nicatı və pənahı Qərbdə arayan, Vaşinqton-Paris-Brüssel triosunun dəstəyinə arxalanan Ermənistan hakimiyyəti uzaqdan alınan komandalarla idarə olunaraq Rusiya ilə münasibətlərini maksimal dərəcədə gərginləşdirməkdədir. Eyni zamanda, İrəvan qonşuları Azərbaycan və Gürcüstan ilə də normal münasibətlərə meylli olmadığını göstərir.
Nikol Paşinyanın strategiyası Ermənistanı region dövləti kimi normal yaşamını təmin etmək yox, Qərbin regiondakı forpostu və satelletinə etməkdir.
Qurgen Arsenyanın təyinatı İrəvanın Moskvaya demarşı deyil: demarş əslində Ermənistanın Rusiya ilə bağlı tutduğu mövqe olduğundan, diplomatiyadan xəbərsiz işbazın təyinatı sadəcə, İrəvanın yürütdüyü siyasətin taktikasında bir mərhələdir.
Nikol Paşinyan bir məqamı da dərk etmir.
Ermənistanın Rusiyadakı səfiri postuna Q.Arsenyan yox, peşəkar və usta diplomat təyin olunsaydı belə, həmin adam sürəkli qaydada Rusiyanın şəninə mədhiyyələr söyləsəydi də, Moskvanın İrəvana münasibəti əvvəlki kimi olmayacaq.
Rusiyanın hakimiyyət dairələri çox, hətta həddindən artıq gec də olsa, anlayıblar ki, Ermənistanı dəstəkləməklə, ermənilərə hamilik etməklə ağır strateji və geosiyasi səhvə yol veriblər.
Rusiyanın Cənubi Qafqazda Ermənistandan fərqli olaraq, nüfuzlu, güclü, mötəbər tərəfdaşı var.