23 Noyabr 2024 07:30

İdmançılarımız Müzəffər Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər

Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlət başçısı ölkəmizin idman sahəsindəki uğurlarından, bu sahəyə göstərilən yüksək diqqət, qayğıdan və bunun nəticəsindən danışıb. Prezident İlham Əliyevin qalib idmançılarımızla görüşü zamanı çıxışında səsləndirdiyi fikirlər Azərbaycan idmanının bugünkü vəziyyətinin obyektiv qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

İlk növbədə ölkəmizin başçısı Azərbaycan idmançılarını Paris Olimpiyadasında əldə etdikləri uğurları yüksək qiymətləndirməklə, bu sahəyə göstərilən dövlət qayğısının nəticəsiz qalmadığını vurğulamış oldu. Həqiqətən də Olimpiyadada beş idman növündə medal qazanan idmançılarımız bütün xalqımıza qürur və sevinc hissi yaşatdılar. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır. Və əlbəttə ki, bu yarışlarda əldə olunan medalların dəyəri daha yüksəkdir. İdmançılarımızın Olimpiya Oyunlarında uğurları bir daha sübut etdi ki, ölkəmiz güclü idman dövlətidir. İdmanın yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir. Və bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır.

Prezident İlham Əliyev qalib idmançılarımızla görüşü zamanı bildirib ki: “Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.” Ölkə rəhbəri qeyd edib ki: “müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.”

Prezident İlham Əliyev görüş zamanı qalib idmançılara tapşırıqlar da verdi: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.”

Dövlətimizin başçısı qalib idmançılarla görüşündə bir daha əminliyini vurğulayaraq növbəti yarışlarda qaliblərin sayının daha çox olacağını vurğuladı: “Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı daha çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.”

Prezident İlham Əliyev həmçinin idmanın və qələbələrin gənclərimizin həyatında müsbət təsiri olduğunu bildirdi və qeyd etdi ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.”

Bu gün biz həqiqətən də gənc nəslimizlə qürur duyuruq və buna səbəb həm fiziki, həm də mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan gəncliyidir.

 Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul