Azadsöz.az xəbər verir ki, 1998-ci il təvəllüdlü qazi Əhədli Tamir Teymur oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini məhkəməyə verib.
İşə Şirvan İnzibati Məhkəməsində hakim Hilal Nəcəfovun sədrliyi ilə baxılacaq.
Məsələ ilə bağlı qazi Tamir Əhədli ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, iki dəfə əlillik təyinatı ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib:
“Hər iki müraciətimdən sonra agentlikdən imtina cavabı gəlib. Buna görə də məhkəməyə müraciət etdim”, – deyə T.Əhədli qeyd edib.
Xatırladaq ki, Vətən müharibəsi qazisi Tamir Əhədli “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.