Azadsöz.az xəbər verir ki,Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;
ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bundan başqa, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələr göstərdiklərinə görə mükafatların müəyyən edilməsi məqsədilə,
1. XXXIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;
1.4. Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.