25 Noyabr 2024 08:15

Paşinyan istəyir, amma uduzur

Azadsöz.az xəbər verir ki,  Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın postsovet məkanındakı ölkələrə hərbi, siyasi, geosiyasi, iqtisadi, maliyyə və mədəni təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi. 2022-ci ilədək Qərbdəki ekspertlərin və analitiklərin əksəriyyəti Avropa İttifaqı və NATO-ya üzv olmayan ölkələrin hələ uzun müddət Qərblə Rusiyanın geosiyasi təsir orbitləri arasındakı “boz zona”da qalacaqlarını düşünürdülər.

Situasiya dəyişdi və əvvəllər “boz zona”dakı ölkələrin Avropa İttifaqı və NATO ilə əlaqələri sürətlə intensivləşdirərək Avroatlantik inteqrasiya yolu ilə irəliləmək imkanları dəfələrlə artıb.

Amma bu, həmin ölkələrin Aİ və NATO-ya asanlıqla üzv ola biləcəkləri anlamına gəlmir. Tam əksinə, Avropa İttifaqı daxilində qərarların qəbul edilməsi prosesində mürəkkəbləşmə təmayülləri güclənib. Baş verənlər Avropa İttifaqının genişlənməsini ləngitməklə yanaşı, ümumiyyətlə, üzvlərin say artımı prosesi ilə bağlı şübhələri artırıb.

Ermənistanla bağlı vəziyyət xüsusi hala çevrilib.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışan kollektiv Qərb, daha konkret olsaq, ABŞ, Fransa və Avropa İttifaqı hazırda Ermənistandan sınaq modeli, istinad məkanı qismində istifadə edirlər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyandan Rusiya ilə əlaqələri minimuma endirməyi, İrəvanın Moskvadan asılılığına son qoymağı, ölkənin bütünlüklə və aşkar şəkildə Qərbə meyllənmiş siyasət yürütməsini tələb edirlər.

Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin çoxsaylı və ağır sanksiyalarına məruz qalan Rusiya bu sanksiyalardan yayınmaq üçün tranzit məkanlardan biri qismində Ermənistandan istifadə edir. 2022-ci ildən bəri Ermənistan iqtisadiyyatının “yüksəlişi” də məhz bu amillə bağlıdır.

Enerjidaşıyıcılarından tutmuş, un və buğdayadək idxalda Rusiyadan asılı olan Ermənistan istehsal etdiyi mal və məhsulları, xüsusilə də meyvə-tərəvəzi və spirtli içkiləri satmaq üçün ən münasib bazar qismində Rusiyadan yararlanır.

Rusiya ilə əlaqələrin minimallaşacağı təqdirdə Ermənistanın indiki həcmdə ticari dövriyyəni Qərblə reallaşdıracağı xam xəyaldır.

Moskvanın yaratdığı və nəzarət etdiyi Avrasiya İqtisadi Birliyi ilə Avrasiya Gömrük İttifaqına da üzv olan Ermənistan həmin strukturlar vasitəsilə Rusiyadan mal və məhsulları, habelə yanacağı güzəştli qiymətlərlə alır.

Məhz həmin üzvlük səbəbindən də Ermənistan Avropa İttifaqı ilə azad ticarətlə bağlı anlaşmalar imzalaya bilmir.

Rəsmi İrəvanın yürütdüyü siyasətə, N.Paşinyan komandasının ritorikasına və təbliğatına rəğmən, Ermənistanda cəmiyyət hələ birmənalı olaraq Qərbyönümlü sosium təsiri bağışlamır. Tam əksinə, Vaşinqton-Paris-Brüssel triosunun və İrəvandakı hakimiyyət elitalarının bütün səylərinə, apardıqları genişmiqyaslı təşviqat prosedurlarına rəğmən erməni cəmiyyətində Rusiyaya rəğbət bəsləyənlərin toplam kütləsi az deyil.

Postsovet məkanı və Şərqi Avropa ölkələri ilə münasibətlərdə olduğu kimi, Ermənistanla bağlı strategiyada da Rusiyanın narrativləri sırf maliyyə, iqtisadi və ya təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Qərblə fasiləsiz ciddiləşərək dərinləşən qarşıdurma Moskvanı geosiyasi məqsədlərinə çatmaq üçün daha mürəkkəb ritorik vasitələrdən və üsullardan faydalanmağa vadar edir.

Moskva bütün imkanları işə salaraq Rusiyanı Qərbə real, işlək və etibarlı alternativ kimi təqdim etməyə çalışır.

Qərbin postsovet məkanında lokal qarşıdurmalardan və gərginliklərdən faydalanmağa, mövcud geosiyasi reallıqlardan narazı dövlətləri öz tərəfinə çəkmək strategiyasını həyata keçirdiyini görən Rusiya analoji addımlar ataraq hədəfə çatmağı planlaşdırır.

Qərbdə yox, Rusiyada işləməyə alışan və buna üstünlük verən miqrantlardan tutmuş, Qərbin postsənaye və postliberal dəyərlərini qəbul etməyən ziyalılara; kollektiv Qərbin aqressiv “demokratiya” yürüşünü ənənəvi dəyərlərə və alışılmış situasiyaya təhlükə sayan siyasətçilərdən başlayaraq istehsal etdikləri mallarla məhsulları Qərbə çox çətinliklə sata bilərək ifrat rəqabətlə üzləşəcəklərini anlayan fermerlərə və iş adamlarınadək geniş kütlə hazırda Rusiyanın intensiv təbliğat və sövqetmə kampaniyaları üçün ideal seqmentlərdir.

Rusiya habelə onu da daim vurğulayır ki, Qərb etibarlı və uzunmüddətli tərəfdaş deyil, daim öz maraqlarını güdür və yalnız mənafelərini təmin etmək üçün vədlər verir, əməkdaşlıq sistemi qurur, tərəfdaşlığın müxtəlif sahələrini təklif edərək zahirən “azad seçim imkanları” yaradır.

Lakin Rusiyanın postsovet məkanında və Şərqi Avropada bundan sonrakı geosiyasi konstruksiyalarının dayanıqlılıq səviyyəsi Ukraynadakı hərbi əməliyyatların sonucundan asılıdır. İstənilən halda, orta perspektivdə belədir.

Cənubi Qafqaza gəldikdə, Rusiya əsrlərdən bəri buradadır və de-fakto, habelə de-yure regional qüvvədir. Subregional qüvvələrdən və dövlətlərdən fərqli olaraq Rusiya özünü bölgəmizdə “yerində” sayır və həmin yerini – Qərbin bütün istəklərinə, niyyətlərinə, cəhdlərinə və planlarına rəğmən – kimsəyə güzəştə getmək niyyətində deyil.

Rusiyanın Cənubi Qafqazı yaxın illərdə tərk edəcəyi, yaxud bunu məcburi şəkildə reallaşdırmalı olacağı barədə ehtimallar isə siyasi demaqogiya və propaqanladır.

Bir daha təkrarlayaq: Rusiya əsrlərdən bəri möhkəmləndiyi bölgəni tərk etmək niyyətində deyil və ona qarşı yönəlmiş planları dezavuasiya etmək üçün istisnasız olaraq bütün imkanlarından istifadə edəcək.

Bəhs olunan məqamlar Ermənistana xüsusilə şamil olunur. Rəsmi İrəvanın Qərbə meyllənmiş xarici siyasətinə və geosiyasi seçiminə rəğmən, Moskvanın ermənilərə təsir etmək, hətta zərurət duyduqda cəza tədbirlərinə əl atmaq üçün geniş arsenalı var.

Sadəcə, onu xatırladaq ki, Ermənistan üçün Rusiyanın təbii qazına hazırda real alternativ yoxdur. İran-Ermənistan qaz boru kəməri mövcuddur, lakin bu marşrutla nəql həcmlərinin artırılması üçün boru kəməri çox ciddi təkmilləşmə və yenilənmə prosedurlarına məruz qalmalıdır. Üstəlik, Rusiya ehtiyac hiss edəndə Ermənistanı cəzalandırmağın yolunu da bilir: 2023-cü ildə “Qazprom” Gürcüstandan keçərək Ermənistana gedən boru kəməri ilə “mavi yanacaq” nəqlini iki ay müddətinə dayandırmışdı.

Rusiya Ermənistana verdiyi təbii qazın qiymətindən də İrəvana təzyiq vasitəsi kimi istifadə edə bilər. Belə ki, hazırda Ermənistan Rusiyadan təbii qazı sərfəli və ucuz qiymətə – 1000 kubmetr üçün 165 ABŞ dollarından alır. Rusiyanın “Qazprom”u üçün tarifi dəyişmək asan prosesdir və belə presedentlər də var. 2013-cü ildə Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanması barədə danışıqlar aparanda Rusiya ermənilərə nəql etdiyi təbii qazın qiymətini 2 dəfə artırmışdı. İrəvan Aİ ilə assosiativ tərəfdaşlıq sazişini imzalamaqdan vaz keçərək Avrasiya İqtisadi Birliyinə üzv olandan az sonra təbii qazın qiymətləri yenidən ucuzlaşdırılaraq əvvəlki səviyyəyə çatdırılmışdı.

Bundan başqa, 2023-cü ilin sonunda Rusiyanın “Rosatom” korporasiası Ermənistandakı Metsamor atom-elektrik stansiyasının istismarının 2036-cı ilədək uzadılması ilə bağlı İrəvanla saziş imzaladı.

Metsamor AES isə Ermənistanda istehsal olunan elektroenerjinin 2/3 hissəsini təmin edir. AES-in fəaliyyəti üçün zəruri uran da Rusiyadan alınır.

Hazırda Nikol Paşinyan hakimiyyəti Metsamor AES-in ABŞ və ya Cənubi Koreyanın şirkətlərindən birinə idarəçiliyə verilməsi ilə bağlı danışıqlar aparsa da, Moskvanın AES üzərində nəzarəti əldə saxlamaq üçün yetərincə arqumentləri var.

Sadalanan səbəblərdən ABŞ, Fransa və Avropa İttifaqı Ermənistan iqtisadiyyatının stabil vəziyyətə gətirilməsinə, Rusiyadan asılılığın azaldılmasına çalışırlar.

Planlar arasında Ermənistanın şimalından cənubuna yeni avtomagistralın inşası, dəmiryollarının təmiri və modernləşdirilməsi, Avropa İttifaqının iştirakı ilə layihələndirilərək Qara dənizin təki ilə çəkiləcək yüksək gərginlikli elektrik kabelinə Ermənistanın da qoşulması və s. var.

Geosiyasətin də çox önəmli yeri var.

ABŞ, Fransa və Avropa Ermənistanı Rusiyadan yan çəkməyə çalışsalar la, erməni iqtisadiyyatının diversifikasiyası yalnız 1993-cü ildən bəri qapalı qalan Ermənistan-Türkiyə sərhədinin açlımasından sonra mümkün ola bilər. Əslində Türkiyə hazırda Ermənistanın ən böyük xarici ticarət tərəfdaşları arasında 4-cü yerdədir: Türkiyə və Ermənistan arasında bütün ticari əməliyyatlar Gürcüstan ərazisi vasitəsilə aparılır.

Qərb Ermənistana daha genişmiqyaslı siyasi, iqtisadi və hərbi dəstək vəd edir, ancaq bu vədlər uzunmüddətli perspektivə hesablanıb. Ermənistanın Qərb institutlarına qatılması isə daha uzaq perpspektivdə görünən məsələdir.

Nikol Paşinyan hakimiyyəti bütün bunları qismən anladığından Cənubi Qafqazdan kənarda yeni tərəfdaşlar axtarmaqdadır və həmin axtarışlarında “ilk tapılan” Hindistan olub.

Halbuki Ermənistanın gələcəyi – hər hansı ibarə olmadan – bütünlüklə Azərbaycandan, daha dəqiq olsaq, rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmasından, şərti dövlət sərhədinin demarkasiyasından və delimitasiyasından, kommunikasiyaların bərpasından və yeni loqistik marşrutların açılmasından asılıdır.

Bütün bunlar olmayınca Ermənistana təzyiqlər davam edəcək, İrəvandan ondan istifadə edən güclərin əlində marionetka kimi qalacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul