Azadsöz.az xəbər verir ki, Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpəsi xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
“Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər. Ana və körpəsi polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə Nazirlik əməkdaşı qeyd edib.
***
18:23
Azadsöz.az xəbər verir ki, Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.
Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb.
Araşdırmalar davam etdirilir.