“COP29-la bağlı işlər intensiv surətdə aparılır”.
Azadsöz.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, iqlim dəyişmələri çox mürəkkəb prosesdir.
“Çox təəssüf ki, son zamanlar iqlim dəyişmələri əhəmiyyətinə və təsir dairəsinə görə böyük bir problemə çevrilib. İqlim dəyişmələrinin təsirlərinin azaldılması, istilik effekti yaradan qazların emissiyalarının azaldılması, eyni zamanda, artıq baş vermiş və proqnozlaşdırılan iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə Azərbaycana bütün ölkələrdən dövlət və hökumət başçıları səfər edəcəklər. Hazırda COP29-la bağlı intensiv işlər davam etdirilir.
COP29 Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, qeyri- hökumət təşkilatlarının, akademik dairələrin nümayəndələri təmsil olunurlar. Bu prosesin davam etdirilməsi, hazırda qeyri-hökumət təşkilatlarının (QHT) səsini eşitmək, onların ideyalarını nəzərə almaq üçün, eyni zamanda, onların COP29 prosesinə töhfə vermələrinə şərait yaratmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi keçirməyi qərara alıb”, – deyə U.Tağıyeva qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.