Azadsöz.az xəbər verir ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.
Bu barədə nazirlik məlumat yayıb.
Prezident İlham Əliyevin Fərmanına əsasən, bu gündən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir:
– sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası),
– sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası),
– dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası),
– həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası).
Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.
Yekun tibbi müayinə prosesinə hazırlıq məqsədilə Nazirlik tərəfindən yekun tibbi müayinə prosedurunun da rəqəmsal infrastrukturu qurulub. Bu da qeyd olunan prosedurun həyata keçirilməsində şəffaflığın və çevikliyin, obyektiv yanaşmanın təmin olunmasına xidmət edir.
Nazirliyin “Tibbi şəhadətləndirmə” altsistemi hazırlanaraq bu altsistemlə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elektron məlumat mübadiləsi imkanları təmin edilib.
Müayinə ilə bağlı məlumatlar müvafiq qurumlardan həmin altsistem üzərindən qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri bu altsistemə daxil edilərək rəsmiləşdirilir. “Vətəndaş qəbulu” altsisteminin tənzimlənərək “Tibbi şəhadətləndirmə” altsisteminə avtomatik inteqrasiyası təmin edilib.
Yekun tibbi müayinələrin həyata keçirilməsi üçün DTSERA-nın müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi də yaradılıb.
Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işləri də aparılıb, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Habelə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilərək, hərbi xidmətə çağırılanlarla bağlı tibbi müayinələrdə qabaqcıl dünya təcrübəsinə uyğun yeni meyarlar müəyyən olunub.
Müayinə prosesində iştirak edəcək DTSERA və digər müvafiq qurumların əməkdaşları üçün təlimlər keçirilib və yekun tibbi müayinə sahəsi üzrə müvafiq bilik və bacarıqlara malik mütəxəssis heyəti formalaşdırılıb.
Yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:
– Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş (Forma 44) daxil edilir.
– Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.
– Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir.
– Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.