29 İyun 2024 09:22

“Vətən – böyük əmənat” adlı kitabın təqdimat mərasimi keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 25 iyun 2024-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şair Ətraf Sərrafın şəhidlərə həsr olunmuş “Vətən – böyük əmənat” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göyçay rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini
Zivər Zeynalova kitabın təqdimatının çox əlamətdar günə təsadüf etdiyini qeyd edib.

Bildirilib ki, sabah 26 iyun – Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 106-cı ildönümü qeyd olunur. Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyunda yaranan ordu bu gün cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır. O, ordu ki, 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şanlı zəfərə imza atdı. Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı qələbə təkcə Azərbaycan tarixinin deyil, dünya hərb tarixinin qəhrəmanlıq səhifəsini təşkil edir.

Həm birinci, həm ikinci Qarabağ müharibəsində canından keçmiş şəhidlərə həsr edilmiş kitabın təqdimatının bu gün keçirilməsi xüsusi önəm daşıyır.

Tədbirdə çıxış edən şair Adil Məmməd, Əkbər Əlisoy, Xeyrəddin Qoca, Şəmsiyyə Qaramanlı qələm yoldaşları Ətraf Sərrafın yaradıcılığından söz açaraq qeyd ediblər ki, “Vətən – böyük əmənat” adlı kitabda yüksək amal, məslək, vətən üçün canını fəda edən şəhidlərin hər birimiz üçün örnək, qürur və nümunə olduğu xüsusi vurğulanıb.

Məktəblilər kitabdakı şeirlərdən səsləndirib və bədii qiraətçi Əli Səfalı poemadan bir hissə söyləyib.
Sonda şəhid ailələrinə və tədbir iştirakçılarına “Vətən – böyük əmənat” adlı kitab təqdim olunub.