22 İyun 2024 19:49

Qabiliyyət imtahanlarının tarixləri müəyyənləşdi

Azadsöz.az xəbər verir ki, “Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına iyunun 20-dən etibarən start veriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.

Hazırda abituriyentlər Təsviri sənət istiqamətinin 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 26622 nəfər, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə 3759, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslar üzrə isə 4040 abituriyent qeydiyyatdan keçib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.