Azadsöz.az xəbər verir ki, I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Göyçay rayonunun İnçə kənd sakini Hacıyev Firuddin Nadir oğlunun nəşinin qalıqları dəfn olunmaq üçün doğulduğu İnçə kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, dindarlar, ağsaqqallar, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin qardaşına təhvil verilib.
Qeyd edək ki, şəhid Hacıyev Firuddin Nadir oğlu 18 may 1972-ci ildə Göyçay rayonunun İnçə kəndində anadan olmuşdur. 26 dekabr 1992-ci ildə səfərbərlik üzrə xidmətə cəlb edilərək Azərbaycan ordusunda hərbi xidmətə çağrılmış, 14 aprel 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Göyçay rayon Məhkəməsi tərəfindən 2009-cu ildə şəhidlik status verilməsi haqqında qərar qəbul edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov