22 İyun 2024 19:30

İran prezidenti ilə vida mərasimi və dəfn yerinin DETALLARI AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahında dəfn olunacaq.

Bu, İran Prezidenti və onunla birlikdə həlak olan heyətin dəfn mərasimi ilə əlaqədar mərasimin təşkil olunması komitəsinin məlumatında öz əksini tapıb.

Bu gün (21 may) yerli vaxtla saat 09:30-da İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Şohəda meydanından Mosəllaya qədər vida mərasimi keçiriləcək.

Yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda vida mərasimi təşkil olunacaq.

Yerli vaxtla saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında vida mərasimi təşkil olunacaq.

Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.

Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida və dəfn mərasimi təşkil olunacaq.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.