Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın əldə etdiyi geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Həyata keçirdiyi uğurlu və düşünülmüş siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran möhtərəm prezidentimizin qlobal təşəbbüsləri, enerji layihələri həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini artırıb. Dövlət başçımızın müxtəlif ölkələrdə ən yüksək səviyyədə dəvət əsasında iştirak etdiyi, özünün şəxsi təşəbbüsü ilə keçirilən və yaxud da himayə etdiyi möhtəbər beynəlxalq tədbirlərin mövzusu və coğrafiyası da bu strategiyanın fəal işləkliyini və yüksək effektivliyini nümayiş etdirir.
Son bir neçə gün ərzində Azərbaycan prezidentinin ardıcıl olaraq xaricdə və ölkə daxilində keçirdiyi təkbətək və geniş tərkibli keçirdiyi görüşlər, qatıldığı tədbirlər istər şimal-cənub, istərsə də şərq-qərb qlobal istiqamətlərində çox yaxın gələcəkdə sadəcə əhəmiyyətli beynəlxalq layihələrin icrasının deyil, eləcə də daha möhtəşəm perspektivlərin reallaşmasının şahidi olacağımızı deməyə əsas verir.
Bu baxımdan aprelin 25-də cənab prezidentin Almaniyaya səfəri, bir sıra məhsuldar görüşlərin keçirilməsi böyük əhəmiyyət kəsb etdi. Prezidentin Almaniya səfəri çoxcəhətli, çoxtərəfli və hər biri ayrılıqda strateji xarakter daşıyan bir səfər idi. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük önəm kəsb edir. Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, effektiv dialoq mövcuddur.
Almaniya Avropada ölkəmizin ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Ölkə başçısının məlum səfəri bir sıra məqamlarla zəngin olub. Cənab prezidentin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməyə birbaşa Federal Kansler Olaf Şoltsdan dəvət alması, dövlət başçımızın bu ölkənin Kansleri və xarici işlər naziri tərəfindən qarşılanması ilk növbədə Azərbaycan prezidentinin şəxsi nüfuzunun daha bir təsdiqidir.
Digər tərəfdən ikitərəfli əlaqələrin möhkəmlənməsində, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq kontekstində baş tutan bu səfər mühüm əhəmiyyət kəsb edir. Həmçinin ikitərəfli əlaqələrin daha da güclənməsinə xüsusi töhfələr verir.
“Yaşıl enerji” və alternativ bərpa olunan digər enerji resurslarının Avropaya ixrac edilməsi baxımından Azərbaycan-Almaniya münasibətlərində təməl prinsipləri möhkəmdir. Azırbaycan prezidenti İlham Əliyevin Almaniya prezidenti Frank Valter Ştaynmayerlə geniş tərkibdə görüşündə bu istiqamətdə mövzuya ətraflı toxunulub və COP 29-la əlaqədar iki ölkə arasında uğurlu əməkdaşlıq və heyətlərin fəaliyyətinin önəmi xüsusi vurğulanıb. Almaniyanın COP 29-la əlaqar Azərbaycana bundan sonra dəstək göstəriləcəyi diqqətə çatdırılıb.
Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli töhfə verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açaraq, bundan sonrakı mərhələdə Berlin-Bakı münasibətlərinin inkişafına təkan verəcək.
Azadsöz.az