Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allahdan hərbçimizə şəfa diləyirik.