Azadsöz.az xəbər verir ki, dünyanın müasir geosiyasi konfiqurasiyasında Cənubi Qafqaz regiondan kənar aktorların maraq mərkəzində qalmağa davam edir. Lakin xarici qüvvələrin artan diqqəti heç də həmişə ölkələr arasında qarşılıqlı kompromis və ya əməkdaşlıq yollarının axtarışına vadar etmir, bəzən isə regionun destabilizasiyasının tətikləyici qüvvəsi olaraq çıxış edir. Bəzi ölkələr, o cümlədən, Fransa müəyyən məqsədlər güdərək, regionu nüfuz dairələrinə ayırmağa çalışır.
Regiondan kənar aktorların Cənubi Qafqaza diqqətinin artmasının bir neçə səbəbi var. İlk növbədə, Emmanuel Makronun regionda intensiv xarici siyasət gündəliyi xüsusən Moskvanın Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Cənubi Qafqaz regionuna diqqətini bir müddətlik azaltması ilə əlaqədardır. Bu xarici aktorların geosiyasi manevrləri üçün şans yaradıb. Beləliklə, elə həmin Fransanın Ermənistana hərbi-siyasi dəstək də daxil olmaqla fəaliyyət spektri daha da genişlənib.
Fransa regional əməkdaşlığa mane olmaqla sülh prosesini pozmağı planlaşdırır və Ermənistanı bir növ “logistika kranı” olaraq istifadə edir. İran və Rusiya isə öz növbəsində Fransanın fəaliyyətini regionda vəziyyəti destabilizasiya etmək cəhdi kimi qiymətləndirir. Belə ki, İran üçün əsas risklərdən biri şimal sərhədlərində NATO üzvünün olmasıdır. Ölkə rəsmi səviyyədə dəfələrlə bunu “qırmızı xətt”in pozulması adlandırıb.
Ermənistan rəhbərliyində anti-Rusiya tendensiyalarının artması Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması, ölkənin banklarında “Mir” kartlarının qəbulunu dayandırması, Zvartnots hava limanında rusiyalı sərhədçilərin fəaliyyətinin dayandırılması barədə qərarın qəbul olunması ilə nəticələndi. Bütün bu tədbirlər ölkənin xarici siyasət kursunun kəskin şəkildə Aİ-nin xeyrinə dəyişdiyini sübut edir və Rusiya üçün Cənubi Qafqazda geosiyasi çağırış kim görünür. Bundan başqa, bu cür xarici qüvvələr Ermənistanın “Şimal-Cənub” nəqliyyat dəhlizində iştirakına mane ola və ölkələr arasında potensial dəhlizlərin yaradılmasına mane ola bilərlər ki, bu da İran və Rusiya üçün ümumi geoiqtisadi risk kimi qiymətləndirilə bilər.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün bütün şərtlər mövcud olduğu halda, xarici qüvvələr iki ölkənin sərhədində “müşahidəçilər missiyası” yaradır. Bu, Ermənistanda revanşist əhvalın artmasına təkan verir və ikitərəfli münasibətlərin normallaşmasına mane olur. Aİ-nin Ermənistandakı mülki missiyasının mandatında deyilir: “EUMA Aİ-nin regionda sülhün dəstəklənməsi üzrə səylərinin mühüm tərkib hissəsidir…”. Bu missiyanın şərti Azərbaycan-Ermənistan sərhəddində hədindən artıq aktivliyi və əməkdaşların sayının 209-a qədər artırılması şübhə doğurur. Bu ilin yanvar ayında EUMA-nın Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında patrullarının sayı 1500-ə çatıb. Bu il martın 20-də Ermənistan parlamenti İrəvan və Aİ arasında Aİ-nin Azərbaycanla şərti sərhəddə mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Bu, o deməkdir ki, EUMA gələcəkdə daha da artırıla bilər, tərkibi isə tədricən genişlənir.
Bu yaxında Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” informasiya portalına müsahibəsində deyib:
“Hazırda oraya həm də Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular göndərilir və Aİ missiyası Şimali Atlantika İttifaqının missiyasına dönür”.
Regiona üçüncü ölkələrin cəlb olunması yeni hal deyil. Bu tendensiya güclənməyə davam edir. Misal üçün, belə bir ideya var ki, Fransanın rəhbərliyi ilə Ermənistan-Yunanıstan-Fransa-Hindistan ittifaqı yaradıla bilər. Bu hərbi əməkdaşlıq Yunanıstanın müdafiə naziri Nikolaos Dendiasın İrəvana səfəri zamanı elan edilib.
Yunanıstan regionda Türkiyəyə əks-qüvvə olaraq çıxış etmək istəyirsə, Hindistan bir neçə məqsədə nail olmağa fokuslanıb. İlk növbədə, bu iqtisadi faydadır. Hindistan Cənubi Qafqazı Süveyş kanalından yan ötməklə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə Avropaya alternativ marşrut olaraq nəzərdən keçirir, lakin bu layihənin Azərbaycan ərazisi vasitəsilə reallaşdırılması üçün daha əlverişli şərtlər mövcuddur. Ola bilsin ki, Hindistanın xarici siyasətlə bağlı qərarı “düşmənimin dostu mənim düşmənimdir” mövqeyi ilə məhdudlaşır. Hindistan Ermənistanı silahlandırmaqla Azərbaycan və Pakistanın sıx əlaqələrinə cavab olaraq siyasi jest nümayiş etdirir.
Hindistan Ermənistanın əsas silah tədarükçülərindən biridir. Müxtəlif qiymətləndirmələrə görə, silah və hərb texnika üzrə sazişlərin toplam məbləği geniş nomenklaturada təqribən 2 milyard dollar təşkil edir.
Foto 1. EUMA missiyası Ermənistan sərhədindən Laçın dəhlizinə gedən hərəkəti diqqətlə izləyir.
Beləliklə, real Qafqaz mozaikası müxtəlif xarici siyasət vektorlarına malik ölkələrdən ibarətdir, çünki regionun geosiyasi şəraiti mürəkkəbdir. Bu cür şərtlərdə regiondan kənar aktorların müdaxiləsi vəziyyəti pisləşdirəcək və sülhə təhdid yaradacaq. Fransa vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır və özünü Cənubi Qafqazda Ermənistanın təhlükəsizliyinin qarantı kimi təqdim edir. Lakin Fransanın bu cür praktikası öz səmərəsizliyini sübut edib. Müasir dünya nizamında “hər yerdə Napaleon” olmaq mümkün deyil. Fransa və NATO-ya üzv olan digər ölkələr Ermənistan üçün “qeyri-sabitlik kəməri” yaratmağa çalışır. Ermənistan regiona qərbli müşahidəçiləri dəvət edərək və ordunu təkrar silahlandıraraq Azərbaycanın2020-ci ilin payızında 2-ci Qarabağ müharibəsindən sonra formalaşan statusunu bərabərləşdirməyə çalışır.